ELM VƏ TƏHSİL
Kompyuter oyunları qorxu və depressiyanı müalicə edir
Bakı, 26 dekabr (AZƏRTAC). ABŞ-ın Roçester Universitetində hazırlanan kompyuter oyunları gənclərdə qorxu və depressiyanın müalicəsinin effektivliyini gücləndirmək üçün nəzərdə tutulmuşdur. Oyunlar əsasən daima böyük dərs yükündən əziyyət çəkən tələbələrə kömək məqsədilə yaradılmışdır. Pasiyentlərdə bacarıq və özünüidarəetməni təkmilləşdirən oyunlar öz tərkibində psixoloji vəziyyətin qiymətləndirilməsi modulunu saxlayır, eyni zamanda davranış terapiyası və bioloji əks əlaqə mexanizmini həyata keçirir. Qiymətləndirmə mərhələsində oyunçu öz vəziyyətini təsvir edir və müvafiq xarakteri mənimsəyir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, “Computerworld” jurnalının məlumatına görə, oyunlarda kompyuterdən başqa fizioloji parametrlər ötürücüləri əsasında aparat hissə də quraşdırılmışdır. Oyun nəzarətçisi funksiyasını da yerinə yetirən ötürücülərin köməyilə oyunçu qorxu və stressin fizioloji təzahürlərini izləmək imkanına malikdir.