SİYASƏT
Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olmuşdur
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Sofiyada səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin ilk günü Azərbaycanın və Bolqarıstanın Konstitusiya nəzarəti orqanlarının hakimləri arasında məhkəmələrin baxdıqları işlərdə hüquqi mövqeləri və yanaşmaları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bolqarıstan parlamentinin sədri Mixail Mikov ilə görüşdə Konstitusiya məhkəmələrinin fəaliyyətini nizamlayan qanunverici normalar, habelə Konstitusiya müddəalarına zidd olan hüquqi normaların ləğvi və yaxud təkmilləşdirilməsi aspektlərinə toxunulmuşdur.
Nümayəndə heyətinin Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ilə görüşündə Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr və məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar müzakirə edilmişdir.
Bolqarıstan ombudsmanı Konstantin Pençev ilə keçirilmiş müzakirələrdə ombudsmanın sorğuları əsasında Konstitusiya Məhkəməsində baxılan məsələlər və qəbul edilən qərarlar əsasında Konstitusiyaya zidd olan qanunvericilik normalarının ləğv edilməsi məsələlərindən danışılmışdır.
Konstitusiya Məhkəməsinin nümayəndə heyətini Bolqarıstan Prezidenti Rosen Plevneliyev qəbul etmişdir.
Səfər çərçivəsində Bolqarıstanın mədəni və tarixi irsini əks etdirən görməli yerlərlə tanışlıq olmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyətinə bu qurumun hakimləri R.Qvaladze, M.Muradov və aparat rəhbəri R.Quliyev daxil olmuşlar.
Görüşlərdə və tədbirlərdə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov da iştirak etmişdir.