REGİONLAR
“Koronavirusla mübarizə Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naftalan, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Koronavirusla mübarizə Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa müsabiqəsində ilk 5 yeri tutan qaliblər mükafatlandırılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd karantin rejimi müddətində məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi və aparılan preventiv tədbirlər, görülən işlər barədə şagirdlərin fikirlərini öyrənməkdir.
Qeyd edilib ki, şagirdlərin inşa yazıları şəhər Təhsil şöbəsinin müəllimləri tərəfindən yoxlanılaraq topladıqları ümumi bala uyğun qiymətləndirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qalib olmuş şagirdləri görüntülü olaraq təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. İcra hakimiyyətinin başçısı inşa yazı müsabiqəsində iştirak etmiş bütün şagirdlərə öz təşəkkürünü bildirib.
Şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən qalib olmuş şagirdlərə evlərində fəxri fərman və hədiyyələr təqdim olunub.