KOSMİK ZİBİLLƏR ƏSASƏN ABŞ-A VƏ RUSİYAYA MƏXSUSDUR
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, aprel ayının əvvəlinə olan məlumata görə, NASA-nın kataloqunda 12.637 süni obyekt var. Bunlardan 3135-i hazırda işlək vəziyyətdə olan və artıq sıradan çıxmış peyklər, 9502-si sürətartırma blokları, daşıyıcı raketlərin pillələri və onların qırıntılarıdır.
NASA-nın saytında dərc edilmiş məlumatda göstərilir ki, kosmik zibilin miqdarına görə Rusiya və MDB-nin üzvü olan digər ölkələr liderdir. Onlara məxsus 4360 obyektdən 2993-ü sürətartırma blokları, daşıyıcı raketlərin pillələri və onların qırıntıları, 1367-si isə süni peyklərdir. Aprelin əvvəli üçün olan məlumata görə, Rusiyaya malik kosmik obyektlər qrupunda 96 kosmik aparat işlək vəziyyətdədir, qalanları isə artıq fəaliyyətini dayandırmışdır.
“İnterfaks” agentliyinin məlumatına görə, kosmosun zibillənməsi sahəsində ABŞ MDB-dən azacıq geri qalır. Belə ki, hazırda Yer orbitində fırlanan 4280 süni obyekt, o cümlədən 1085 kosmik aparat Amerika “mənşəlidir” (400-ə yaxın peyk fəaliyyətdədir).
2750 süni peyki, daşıyıcı raketlərin pillələri və qırıntıları kosmosda olan Çin siyahıda üçüncüdür.