Kosmonavtika Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi yekunlaşıb
Bakı, 13 aprel, AZƏRTAC
Bakı şəhər məktəbləri arasında Kosmonavtika Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi yekunlaşıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Tusi-Bohm” Planetariumunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə müsabiqənin təşkilatçıları, məktəblilər, dərnək üzvləri iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Azərkosmos” ASC-nin birgə təşkil etdiyi müsabiqə “Kosmonavt geyimi” və “Kosmik yeməklər” nominasiyaları üzrə keçirilib.
Bakı şəhərindəki ümumi təhsil məktəbləri şagirdlərinin cəlb olunduğu müsabiqənin birinci nominasiyasına uyğun olaraq, iştirakçılar kosmonavt geyimləri hazırlayıblar. İkinci nominasiya üzrə hazırlanan kosmik yeməklər gün ərzində dörd dəfə qidalanan kosmonavtlar üçün nəzərdə tutulan menyulardan ibarət olub. Kosmik yeməklər xüsusi qablarda qablaşdırılıb və üzəri xüsusi örtüklə bağlanıb. Təqdim olunan işlərin üzərində yeməklərin saxlanma vaxtı, hazırlanma qaydası, ərzaq məhsulunun növü qeyd edilib.
Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblərə diplom və hədiyyələr təqdim olunub.