MƏDƏNİYYƏT
Krım-tatar kitabxanasında görkəmli türkoloq alimə həsr olunmuş sərgi açılmışdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Ukraynanın Krım Muxtar Respublikasının İsmayıl Qasprinski adına Krım-tatar kitabxanasında görkəmli türkoloq-alim, şair Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyi münasibətilə “Həyat. Tale. Epoxa” adlı kitab-fotosənəd sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir musiqiçi, Çobanzadə mükafatı laureatı Edip Baxçisaraylının ifası ilə açılmışdır.
Krım Muxtar Respublikasının mədəniyyət naziri Alyona Plakida sərginin əhəmiyyətindən danışmışdır.
Kitabxananın informasiya-biblioqrafiya şöbəsinin əməkdaşı Zarema İslamova sərgi haqqında geniş məlumat vermiş, “Bəkir Çobanzadə” biblioqrafik göstəricinin slaydlarını təqdim etmişdir.
Sərgidə kitabxananın fondundan kitablar, sənədlər, məqalələr, fotoillüstrativ materiallar nümayiş etdirilmişdir.