ELM VƏ TƏHSİL
“Kulturologiya və Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda konfrans bölmə iclasları ilə başa çatmışdır
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında “Kulturologiya və Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda birinci Bakı kulturoloji konfransı öz işini bölmə iclasları ilə yekunlaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşkil etdiyi konfrans beş bölmədə keçirilmişdir.
“Kulturologiya, mədəniyyət, ailə, şəxsiyyət”, “İntellektual mədəniyyət, elm, təhsil, iqtisadiyyat”, “Azərbaycanın ruhi mədəniyyəti”, “Beynəlxalq münasibətlər mədəniyyəti, hüquqi, etik və bədii mədəniyyət”, “İnsan kapitalı və gənclər” bölmələrində ölkənin akademik institutlarında, ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri mövzuya dair məruzələrlə çıxış etmişlər.
Tədbirdə “İnsan kapitalının inkişafında mədəniyyətin rolu”, “İnsan kapitalının inkişafında elmin rolu”, “Mədəniyyətə dövlət qayğısı və bu sahənin qanunvericilik təminatı”, “Davamlı insan inkişafı və mədəniyyətlərarası dialoq”, “Gənclər və insan kapitalı” və digər mövzularda ümumilikdə 39 məruzə dinlənilərək müzakirə edilmişdir.
Konfransın materialları toplu şəklində çap olunacaqdır.