KÜRDƏMİRDƏ BİRİNCİ RÜBÜN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Bu barədə AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 23-də Kürdəmirdə 2008-ci ilin birinci rübünün yekunları ilə əlaqədar rayon icra hakimiyyətinin geniş şura iclası keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Məruzədə, habelə ayrı-ayrı çıxışlarda diqqət Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasın yekunlarına, iclasda Dövlət başçısının nitqinin əsas müddəalarına cəlb edilmiş, habelə qarşıda qoyulmuş təxirəsalınmaz vəzifələrdən danışılmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə sosial-iqtisadi inkişafın uğurlu yekunlarını, bu sahədə yüksəliş dinamikasını böyük fərəh və məmnunluq hissi ilə izləyən kürdəmirlilər bütün bunları ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət strategiyasının məntiqi nəticəsi kimi dəyərləndirirlər.
Respublikamızda qazanılan nailiyyətlərdə aran iqtisadi zonasına daxil olan Kürdəmir rayonunun da payı olduğunu vurğulayan natiqlər göstərmişlər ki, 2008-ci ilin birinci rübündə sanaye müəssisələri tərəfindən 8647,7 min manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 10,4 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 92,9 faizi malların, 7,1 faizi isə xidmətlərin payına düşür. İşçilərin orta aylıq əmək haqqı 172,7 manat olmuşdur. Bu göstərici ötən illə müqayisədə 68,8 min manat və ya 66,3 faiz artmışdır. Cari ilin birinci rübündə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 229,8 min manata çatmışdır.
Məlumat verilmişdir ki, aqrar sektorun inkişafı daim xüsusi diqqət mərkəzində saxlanılmışdır. Rayon ərazisində pambıq əkiləcək 2000 hektar sahədə hazırlıq işləri yüksək səviyyədə aparılmış, texnika saz vəziyyətə gətirilmişdir. Mühüm strateji məhsul olan payızlıq taxıl əkinlərinin 15 min hektarına mineral və üzvi gübrələr verilmiş, 20 min hektar suvarılmışdır. Rayonda iribuynuzlu mal-qaranın və davarların baş sayının artırılması, heyvandarlıq məhsulları istehsalının yüksəldilməsi üçün ciddi tədbirlər həyata keçirilmişdir. Epizootik sabitliyin qorunması məqsədi ilə ardıcıl profilaktik tədbirlər görülür. Fermerlər əlavə olaraq 2,6 min hektarda yonca səpmişlər ki, bu da bol yem ehtiyatı üçün xüsusilə vacibdir. Rayonda süd emalı zavodunun tikintisinə başlanılmış və hazırda bu iş davam etdirilir.
İclasda təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlərdən, xidmət təşkilatlarının fəaliyyətindən də ətraflı danışılmışdır.
Prezidentin İcra Aparatının məsul əməkdaşı Rəhim Məmmədov çıxış edərək, Nazirlər Kabinetinin iclasının yekunlarından, iclasda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə əlaqədar görüləcək işlərdən, həyata keçiriləcək təxirəsalınmaz tədbirlərdən danışmışdır.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.