KÜRDƏMİRDƏ “XALQI ÜÇÜN YAŞAYAN İNSAN - HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Kürdəmir Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə mayın 1-də ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
“Xalqı üçün yaşayan insan - Heydər Əliyev” mövzusuna həsr edilmiş konfransın iştirakçıları və qonaqlar - Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, deputat Fərhad Qəribov və başqaları əvvəlcə şəhərdəki Heydər Əliyev adına parka getmiş, ulu öndərin əzəmətli abidəsini ziyarət etmiş, heykəlin önünə əklil və çiçəklər qoymuşlar. Sonra qonaqlar parkdakı Heydər Əliyev muzeyini gəzmiş, görkəmli siyasi və dövlət xadiminin, türk dünyasının böyük oğlunun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Konfransı giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimov açmışdır.
Filologiya elmləri namizədi Yaqut Əşrəfovanın “Zəmanəmizin görkəmli siyasətçisi”, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyevin “Azərbaycan mədəniyyətinin formalaşması və inkişafında Heydər Əliyevin rolu”, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Aynur Hüseynovanın “Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı olmuşdur”, YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının sədri İradə Şahverdiyevanın “Heydər Əliyev və qadın siyasəti” mövzularında məruzələri dinlənilmişdir.
Qeyd edilmişdir ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda kənd təsərrüfatı və sənayenin inkişafı istiqamətlərinin müəyyənləşdirilməsini, tariximizin, mədəniyyətimizin dünyaya tanıtdırılmasını, elmimizin inkişafını, gənclərin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsini, milli-mənəvi dəyərlərimizin qorunmasını fəaliyyətinin əsas prioriteti kimi qarşıya qoyan ulu öndərimiz gələcək azad, sivil və müstəqil Azərbaycan üçün etibarlı bünövrə qururdu. Bu məsələlərə toxunan natiqlər müdrik siyasətçinin o zaman SSRİ-nin ən geridəqalmış bir respublikasında gördüyü belə cəsarətli işləri onun uzaqgörənliyinin, böyüklüyünün təcəssümü kimi dəyərləndirdilər.
Vurğulamışlar ki, ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqı, Azərbaycan torpağı, onun hüdudları barədə düşünmüş, hər dəfə çətin anlarda ölkəni vəziyyətdən çıxarmış, arxasınca irəliyə doğru aparmışdır. Məhz 1969-cu ildən başlayaraq o, gərgin əməyi, siyasi iradəsi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan xalqına uğurlar qazandırdı, onun müstəqil dövlətçiliyinin qurucusu və memarı oldu.
1991-1993-cü illərdə ölkədə ağır vəziyyət, xaos hökm sürəndə Azərbaycanın xilaskarına çevrildi. O, xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdıb vətəndaş müharibəsinin qarşısını aldı, ordu quruculuğuna başladı, atəşkəsə nail oldu, bütün çətinliklərə sinə gərərək müstəqil Azərbaycan dövlətinin əsaslarını qurdu. Bütün sahələrdə demokratik təsisatları bərpa etdi, iqtisadiyyatın dirçəldilməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə gərgin əmək sərf etdi, dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətləri normal məcraya yönəltdi, Azərbaycanı nəhəng layihələrin müəllifinə çevirdi, onu dünyaya tanıtdı.
Elmi-praktiki konfransda Rafael Hüseynov ulu öndər Heydər Əliyevin ictimai-siyasi, zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil edərək, bu dahi şəxsiyyətdə nəinki indiki, həm də gələcək nəsillərin öyrənməli olacaqları son dərəcə faydalı və Azərbaycan üçün əhəmiyyətli olan xüsusiyyətlər barədə danışmışdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun öz siyasi varisini yetişdirməsidir, - deyən natiq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı misiliz nailiyyətlərdən söz açmışdır.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov konfransa yekun vuraraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrindən danışmış, bunu ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi kimi dəyərləndirmişdir.
Daha sonra iştirakçılar ulu öndərə həsr edilmiş “Dünyaya pəncərə” adlı sənədli filmə baxmışlar.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri təqdim olunmuşdur.
######
