İQTİSADİYYAT
Kürdəmirdə yaşayış məntəqələrinin təbii qazla təminatı istiqamətində tədbirlər davam etdirilir
Kürdəmir, 16 avqust (AZƏRTAC). Kürdəmir rayonunun kəndlərində təbii qazın bərpası ilə əlaqədar tədbirlər davam etdirilir.
Rayon qaz istismarı sahəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda Sığırlı-Çöhranlı marşurutu üzrə 6 kəndin - Karrar, Garış-Əyribənd, Bağman, Muğanlı, Xınıslı, Çöhranlı kəndlərinin və Karrar qəsəbəsinin qazlaşdırılması işləri görülür. Artıq bu istiqamətdə 45,3 kilometr daşıyıcı, Bağman və Çöhranlıda isə kənddaxili kəmərlərin çəkilişi başa çatdırılmışdır. Altı kəndə və Karrar qəsəbəsinə bu ilin sonunadək mavi yanacağın verilməsi nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Atakişili kəndinin cənub hissəsindəki yeni yaşayış massivinin təbii qazla təminatı üçün də daxili kəmər çəkilir.
Rayonun Şilyan və Qarasu kəndlərinə mavi yanacaq verilməsi üçün 9 kilometr daşıyıcı kəmər çəkilmişdir. Kənddaxili xətlərin çəkilişi üçün layihə-smeta sənədləri hazırlanır.