KÜRDƏMİRİN DAHA BİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Kürdəmirdə rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Qarasaqqal kəndinə uzun fasilədən sonra təbii qazın verilişi bərpa edilmişdir. 450 təsərrüfatı olan və 1760 nəfərin yaşadığı kənddə bu hadisə əsl bayram təntənəsinə çevrilmiş, qurban kəsilmişdir. Kənd sakinlərinin fəallığı şəraitində keçirilən mərasimi giriş sözü ilə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov açmışdır. Qeyd olunmuşdur ki, təbii qazın barpası ilə əlaqədar işlər “Azəriqaz” QSC-nin vəsaiti ilə görülüb və bu məqsədlə 190 min manat vəsait sərf edilmişdir. Ağsu-Kürdəmir magistral qaz xəttindən Qarasaqqal kəndinə diametri 100 millimetr olan 7300 metrlik qol çəkilmiş, 3 kilometrlik kəndarası xətt təmir edilmiş, kənd daxilində 2 ədəd qaz tənzimləyici təmir olunmuşdur. Kəndin mərkəzindən keçən qaz xəttində bütün borular təmir olunaraq rənglənmiş, evlərdə qaz sayğacları quraşdırılmışdır.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış etmiş, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən irihəcmli layihələrdən, yoxsulluğun azaldılması, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışmışdır. Ölkəmizin iqtisadi qüdrətinin artdığı, regionun ən sürətlə inkişaf edən bir diyara çevrildiyini qeyd edən natiq, hətta ucqar kəndlərə belə işıq, qaz, yollar çəkildiyini vurğulamışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Kürdəmirdə də uğurla həyata keçirildiyini bildirən icra başçısı bu istiqamətdə görülən işlərdən də danışmışdır. Göstərmişdir ki, istər rayon mərkəzi, istərsə də kəndlər son illər infrastruktur cəhətdən tamamilə yeniləşmişdir və hazırda bu proses davam edir. Rayonda böyük sənaye strukturu yaradılmış, insanların həyat səviyyəsi yüksəlmişdir. Təkcə son iki ildə 16 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunmuşdur.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Bəylər Babayev, sakinlər Qənimət Osmanova, Möhkəm Məmmədov və başqaları həyat səviyyələrinin, maddi güzəranlarının ildən-ilə deyil, aydan-aya yaxşılaşdığından böyük razılıqla danışmış, bütün bunlara görə hər bir azərbaycanlının prezidenti olduğunu öz əməli işləri ilə sübut edən ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirnişlər. Biz İlham Əliyevi sevir, onu hər sahədə dəstəkləyirik, - deyən natiqlər qarşıdakı seçkilərdə yekdilliklə ona səs verəcəklərini dönə-dönə vurğulamışlar.
######
