REGİONLAR
Laçının Sus kəndində illər sonra ilk məktəb zəngi çalınıb FOTO
Laçın, 16 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yenidən həyatın qayıtdığı Şərqi Zəngəzurun daha bir yaşayış məntəqəsində - Laçının Sus kəndində uzun illərdən sonra tədris ilinin ilk zəngi səslənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sus kəndində yeni tədris ili yeni məktəb binasında başlayıb. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Laçın rayon Təhsil sektorunun nümayəndələri, məktəb kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər diqqətə çatdırıblar ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qüdrətli Ordumuzun gücü sayəsində azad edilən torpaqlarda həyat yenidən canlanıb. Böyük Qayıdış proqramı əsasında əhalinin yenidən məskunlaşdığı ərazilərdə təhsil sahəsi də xüsusi diqqətdə saxlanılır. Sus kəndində 132 şagird yerlik müasir məktəb binasının istifadəyə verilməsi də buna bariz nümunədir.
Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, yeni tədris ilinə start verilib.
Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu günə kimi Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin, Sus kəndində isə 59 ailənin, 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb.