İQTİSADİYYAT
Lənkəran rayonuna yeni su və kanalizasiya xəttinin çəkilişi sürətlənir
Lənkəran, 17 avqust (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə əsasən Lənkəran rayonuna yeni su və kanalizasiya xəttinin çəkilməsi sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonun cəmi 20 min nəfər əhalisi üçün nəzərdə tutulmuş su təchizatı və kanalizasiya sistemi ötən əsrin 60-cı illərində tikilmişdir. 2011-ci ilin avqust ayından icrasına başlanılmış yeni layihənin smeta dəyəri 210 milyon manatdır.
Layihəyə əsasən, Lənkərana 250 kilometr ərazidə içməli su, 230 kilometr ərazidə kanalizasiya xətlərinin, 12 kilometr ərazidə isə mikrotunelin çəkilməsi nəzərdə tutulmuşdur.
Artıq Bürcəli kəndində içməli, Göyşaban kəndində çirkab su təmizləyici qurğularının tikintisinə, Şilavar, Digah, Velədi kəndlərində su və kanalizasiya xətlərinin, Lənkəran şəhərinin 20-dən artıq küçəsində isə içməli su xətlərinin çəkilməsinə başlanılmışdır.
2014-cü ildə başa çatdırılması nəzərdə tutulan layihənin icrası nəticəsində Lənkəran şəhərinin və 5 kəndin əhalisi tam şəffaf içməli su ilə təmin olunacaq, çirkab suların ətraf mühitə ekoloji cəhətdən ziyanının qarşısı alınacaq, modul tipli təmizləyici qurğular tikilərək istifadəyə veriləcəkdir.