Lənkəranda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib VİDEO
Lənkəran, 16 iyul, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyası ilə bağlı videoçarxın nümayişindən sonra mövzu ətrafında çıxışlar olub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, tarixi yaddaşımızda dərin izlər qoymuş, böyük faciələrə şahid olmuş, amma ruhumuzda daim qalan Qərbi Azərbaycan yüz illər boyu Azərbaycan türklərinin yaşadığı, mədəniyyət yaratdığı, ocaqlar qurduğu bir coğrafiyadır. Zəngəzurdan Göyçəyə, Dərələyəzdən İrəvana qədər bu torpaqlar bizim ulu babalarımızın vətəni olub. Lakin XX əsrin siyasi hadisələri, zorakı deportasiyalar və etnik təmizləmələr nəticəsində bu ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı doğma yurdlarından qovulub.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırır və Prezident İlham Əliyev Qərbi azərbaycanlıların hüquqlarının bərpasını prioritet məsələ kimi irəli sürüb.
Sonra Milli Məclisin deputatı Anar İsgəndərzadə, dosent Kamal Mahmudov, Lənkəran rayonunun Bəlləbur kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əlisəfa Bünyatzadə, Qərbi Azərbaycanəsilli, Lənkəran seysmik stansiyasının müdiri Mehman Paşayev və Qərbi Azərbaycanəsilli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Səkinə Vəliyeva mövzu ilə bağlı çıxış ediblər.
Bildirilib ki, fundamental nəşrin ərsəyə gətirilməsi Azərbaycanda bu yöndə atılmış ilk addım kimi elmi-mədəni hadisədir. Nəşrdə Ermənistanın öz tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlıların izini silmək üçün məhz qəbiristanlıqları məqsədyönlü şəkildə seçdiyi fikri əsaslandırılıb.
Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz doğma torpaqlarına dinc, hüquqi və beynəlxalq mexanizmlər çərçivəsində geri qayıdacağı, o torpaqlarda yenidən həyatın canlanacağı və bu qayıdışın yalnız fiziki yox, mənəvi və tarixi bir haqq olması fikri ifadə edilib.