REGİONLAR
Lənkəranda şəhidlərin xatirəsinə inşa olunan kompleks açılıb
![Lənkəranda şəhidlərin xatirəsinə inşa olunan kompleks açılıb](/files/2022/2/1200x630/16540656001121142819_1200x630.jpg)
Lənkəran, 1 iyun, İ.Cəfərli, AZƏRTAC
Mayın 31-də Lənkəranın Osakücə kəndində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən 17 şəhidin adının əbədiləşdirilməsi məqsədilə abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi yad edilib, daha sonra abidə kompleksindəki məşəl Osakücə qaziləri tərəfindən alovlandırılıb.
İcra başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirələrinə abidə komplekslərinin tikilməsi hər zaman ölkə rəhbərliyinin diqqətindədir. Qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı iftixarımız olan şəhidlərimizin əziz xatirəsinə daim hörmətlə yanaşmağa borcludur. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışan T.Qaraşov bildirib ki, şəhidlərimizin qanı ilə əldə olunan zəfər Ali Baş Komandanın uzaqgörən siyasəti, dönməz iradəsi və qətiyyəti sayəsində mümkün olub. Prezident İlham Əliyevin “Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın” fikrini xatırladan icra başçısı dövlətin hər zaman onların yanında olduğunu vurğulayıb. T.Qaraşov dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu məsələyə böyük həssaslıqla yanaşdıqlarını bildirib.
Daha sonra Osakücə kənd tam orta məktəbin şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib, musiqi ifa olunub.
Tədbirdən sonra T.Qaraşov şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib. Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.