MƏDƏNİYYƏT
Lerikli şagirdlər ölkənin qərb bölgəsindən zəngin təəssüratla qayıtdılar
![Lerikli şagirdlər ölkənin qərb bölgəsindən zəngin təəssüratla qayıtdılar](/files/2014/2/1200x630/1408723440457517964_1200x630.jpg)
Lerik, 22 avqust (AZƏRTAC). “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə maarifləndirici tur-aksiyada iştirak edən Lerik rayonundan olan şagirdlərin ekskursiyası avqustun 22-də sona çatdı.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon rəhbərləri, müəllimlər, valideynlər qarşıladılar.
Tur-aksiyanın iştirakçısı, Lerik Rayon Təhsil Şöbəsinin metodisti Qafur Xosiyev ilk təəssüratını AZƏRTAC ilə bölüşərək dedi: “Təəssüratımız olduqca zəngindir. Şagirdlərimiz regionun qədim tarixi, mədəniyyət və incəsənət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə yaxından tanış oldular.
Azərbaycanın regionları ilə tanışlıq ölkəmizin tarixinin, mədəni irsinin, milli-mənəvi dəyərlərinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Ekskursiya zamanı şagirdlər məktəbdə öyrəndiklərinin əyani şəkildə şahidi oldular. Bütün bunlar gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyət kəsb edir. Bizim üçün bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Maarifləndirici tur-aksiyanın digər iştirakçıları-qrupun rəhbəri Zamiq Əhədov, Lerik şəhərindəki 1 nömrəli texniki təmayüllü liseyin IX sinif şagirdi Kənan Səmədzadə, şəhər 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Sakit Mirzəzadə və başqaları da göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.