DÜNYA
LİTVANIN KAUNAS ŞƏHƏRİNDƏ QUM HEYKƏLLƏR FESTİVALI KEÇİRİLƏCƏKDİR
Bakı, 20 may (AZƏRTAC). Mayın 22-də Litvanın Kaunas şəhərində “Olialia Sunset Sand-2010” adlı qum heykəllər festivalı keçiriləcəkdir. Kaunaslılar və şəhərin qonaqları adi qumun sənətkarlar tərəfindən gözəl incəsənət əsərinə çevrilməsinin şahidi olacaqlar. Kaunasda hündürlüyü 2-6 metr olan 15 nadir incəsənət nümunəsi yaradılacaqdır. Onların hazırlanmasına 500 tondan çox və ya 10 dəmiryol vaqonu qum sərf ediləcəkdir. Qumdan Azadlıq Heykəli, Litvanın Trakay qəsrinin modeli, Eyfel və Pizan qüllələri, “Şrek” animasiya filminin qəhrəmanlarının, dinozavrların fiqurları, tanınmış adamların heykəlləri yaradılacaqdır.
Ekspozisiyada ən böyük incəsənət əsəri əfsanəvi pop kralı Maykl Ceksonun qumdan hazırlanmış heykəli olacaqdır. Heykəlin hündürlüyü altı metrə çatacaqdır. Festivalda tamaşaçılar, həmçinin Litvanın əfsanəvi basketbolçusu, “Jalqeris” basketbol klubunun prezidenti Arvidas Sabonisin qum heykəlinə də baxa biləcəklər.
Festivalda ABŞ, Yaponiya, Böyük Britaniya, Finlandiya, Latviya, Rusiya, İrlandiya və Litvadan on tanınmış heykəltaraş iştirak edəcəkdir. Təşkilatçılar ümid edirlər ki, bu festival ənənəvi olacaq, hər il kaunaslıları və şəhərin qonaqlarını sevindirəcəkdir.