SİYASƏT
LONDONDA AZƏRBAYCANIN İNVESTİSİYA İMKANLARINA HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
London, 4 iyun (AZƏRTAC). İyunun 4-də Londonda yerləşən nüfuzlu Beynəlxalq Maliyyə Xidmətləri Mərkəzində (İFSL) Azərbaycanın investisiya imkanlarına həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyindən bildirmişlər ki, Londonun işgüzar dairələri nümayəndələrinin qatıldıqları tədbirdə səfir Fəxrəddin Qurbanov “Azərbaycan bu gün” mövzusunda çıxış etmişdir.
Səfir çıxışında ölkəmizdə həyata keçirilən regional əhəmiyyətli iri enerji və nəqliyyat layihələrindən söhbət açmışdır. Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətdən, o cümlədən neft və qeyri-neft sektorunun inkişafından, neft gəlirlərindən səmərəli istifadə olunmasından danışan səfir, son vaxtlar ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi nəticəsində əldə olunan yüksək makroiqtisadi göstəricilər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Bundan əlavə, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, turizmin, bank və maliyyə sektorunun inkişafı istiqamətində atılan addımlar, bütövlükdə ölkə iqtisadiyyatının diversifikasiyasının prioritet olduğu “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırılmışdır.
Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri çıxış edərək, ölkəmizdə həyata keçirilmiş iqtisadi islahatlar barədə məlumat vermiş, burada xarici şirkətlərin uğurlu fəaliyyəti üçün münbit şəraitin yaradıldığını vurğulamışlar.
Sonda səfir iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.