İDMAN
Madridin “Real” komandası Joze Mourinyu ilə müqaviləni pozduğunu elan etmişdir
Bakı, 21 may (AZƏRTAC). Madridin “Real” klubunun prezidenti Florentino Peres bazar ertəsi bildirmişdir ki, cari mövsüm başa çatandan sonra portuqaliyalı Joze Mourinyu bu klubun baş məşqçisi vəzifəsindən gedəcəkdir. Beləliklə, Mourinyu Madridi onun müqaviləsində əvvəl nəzərdə tutulandan üç il tez tərk edəcəkdir.
Klubun rəsmi saytı Peresin aşağıdakı sözlərini sitat gətirir: “Həm klub, həm də məşqçi bu fikirdədir ki, əməkdaşlığa son qoymaq vaxtı yetişmişdir. Biz gələcəkdə ona uğurlar arzulayırıq”.
“Real”ın prezidentinin sözlərinə görə sazişin vaxtından əvvəl pozulması müqabilində Mourinyuya kompensasiya ödənilməyəcəkdir.
Bu mövsümdə “Real” heç bir titul qazanmaq şansına malik deyildir. İspaniya çempionatında bu komandanın ikinci yer tutacağı artıq dəqiq məlumdur. Keçən həftə kubok finalında o, “Atletiko”ya uduzmuş, Çempionlar Liqasında isə Dortmundun “Borussiya” komandasına məğlub olaraq yarımfinala çıxa bilməmişdir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Real” klubunun rəhbərliyi bu komandanın tarixində çempionlar liqasında 10-cu dəfə qalib gəlmək və özünün əzəli rəqibi olan “Barselona” ilə prinsipial mübarizədə üstün gəlmək ümidlərini Mourinyu ilə bağlayırdı. Bu məqsədlərin həyata keçməsi üçün təcrübəsiz futbolçulara 400 milyon avrodan çox pul xərclənmiş, o cümlədən Kriştianu Ronaldunu almaq üçün 94 milyon ödənilmişdir.
Lakin üç mövsüm ərzində Mourinyu yalnız iki titul qazana bilmişdir - keçən il İspaniya çempionu və kubok sahibi olmuşdur. Bu isə dünyanın ən gəlirli klubunun iştahasına əsla uyğun gəlmir.
Peres bildirmişdir ki, “Real” yeni məşqçinin kim olacağını hələ müəyyən etməmişdir. Bununla belə, o, paytaxt komandasının hazırda Fransanın PSJ klubunun italiyalı baş məşqçisi Karlo Ançelotti ilə maraqlandığını təsdiqləmişdir. Mourinyu çox güman ki, gələcəkdə Londonun “Çelsi” komandasında çalışacaqdır. 2004-2007-ci illərdə o, həmin komanda ilə işləmişdir.