CƏMİYYƏT
Mağazada, kafedə və evdə yanğın baş vermişdir
Bakı, 16 avqust (AZƏRTAC). Paytaxtın Xətai rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ərzaq malları mağazasında yanğın qeydə alınmışdır.
Hadisə nəticəsində mağazanın 70 kvadratmetrlik hissəsi və oradakı əşyalar yanmışdır. Yüksək temperatur mağazanın tavanını əritmişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, mağazanın qalan hissəsini yanğından mühafizə etmişlər.
Xəzər rayonunda isə ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı evdə yanğın qeydə alınmışdır. Evin bir otağı 20 kvadratmetr sahədə yanmışdır.
Alov söndürülmüş, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Ağstafa şəhərində ümumi sahəsi 48 kvadratmetr olan kafedə baş vermiş yanğın binanın tavanının yanması ilə nəticələnmişdir.
Alovun kafenin qalan hissəsinə keçməsinin qarşısını almaq mümkün olmuşdur.
Faktlarla əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.