QAN YADDAŞI
Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin saytında Xocalı soyqırımı ilə bağlı geniş məqalə yerləşdirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Malayziyanın İnformasiya, Rabitə, Mədəniyyət və İncəsənət Nazirliyinin nəzdində fəaliyyət göstərən Cənub-Cənub İnformasiya Qapısı (SSİG) agentliyinin internet səhifəsində (http://ssig.gov.my) Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “XX əsrin son dövründə Xocalı faciəsi” sərlövhəli məqalə yerləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının tarixi barədə geniş məlumat verilmişdir.
Müəllif qeyd edir ki, Dağlıq Qarabağdakı yeganə aeroport 7 min əhalisi olan Xocalıda yerləşdiyindən regionun digər guşələrindən didərgin salınmış qaçqınlar da bu şəhərdə sığınacaq tapmışdılar.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ən dəhşətli faciələrdən birinin baş verdiyi vurğulanır. Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan etmiş, etnik azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Bu hücum nəticəsində şəhəri müdafiə edən 150 insan öldürülmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış yerli əhali evlərindən qaçaraq meşələrdə və dağlarda gizlənmək məcburiyyətində qalmışdı. Lakin dinc əhalinin bu cəhdi onların azğınlaşmış erməni millətçilərinin təqibindən qurtarmağa kömək etməmişdir.
Müəllif bildirir ki, nəticədə bir gecənin içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı qadın olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmidir.
Məqalədə qeyd olunur ki, Xocalı soyqırımını törədənlərin bəziləri hazırda Ermənistanın mülki və hərbi rəhbərliyində təmsil olunurlar. Azərbaycan haqlı olaraq dünya ictimaiyyətindən və beynəlxalq hüquqi təşkilatlardan bu faciəyə hüquqi-siyasi qiymət verilməsini gözləyir.