REGİONLAR
Masallı şəhərində abad məhəllələr salınır
Masallı, 28 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Masallıda abadlıq-quruculuq işləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Qarabağ küçəsində 8, 9, 10 və 15 nömrəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənir, binaların qarşı hissəsindəki qanunazidd, yöndəmsiz tikililər, su çənləri, paltar asılqanları sökülür, ərazi tullantılardan təmizlənir. Binaların qarşı tərəfindəki yol ilə yaşıllıq sahəsini ayırmaq məqsədilə bordürlər düzülür. Ərazidə köhnə kanalizasiya quyuları ləğv edilərək yeni xətlərə birləşdirilir.
Qarabağ küçəsində 2, 8, 15 nömrəli yaşayış evlərinin hər birinin giriş bloklarının divarları suvaq işlərindən sonra rənglənib. Bundan əlavə, yaşayış binalarında pilləkən marşlarının, metal məhəccərlərin təmiri, hər blok üzrə dam örtüyünə və zirzəmilərə giriş-çıxış qapılarının, hər mərtəbəyə sensor işıqların quraşdırılması nəzərdə tutulub.
Çoxmənzilli binaların qarşısında abad məhəllənin salınması nəzərdə tutulub ki, burada sakinlərin istirahəti üçün mini futbol meydançası, idman-əyləncə qurğuları, dayanacaqlar, söhbətgah yerləri yaradılacaq. Ərazidə yaşıllıq salınacaq, piyada səkiləri yaradılacaq.