MAYIN 25-DƏN ŞİMAL İSTİQAMƏTLİ SƏRNİŞİN QATARLARININ HƏRƏKƏT CƏDVƏLİNDƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Azərbaycan Dövlət Dəmir Yolundan AZƏRTAC-a bildirmişlər ki, bu il mayın 25-dən etibarən yay hərəkət cədvəlinə keçidlə bağlı respublikadan kənara - şimal istiqamətdə gedən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişikliklər edilmişdir.
Belə ki, 55/56 nömrəli Bakı-Moskva sərnişin qatarı həftədə 3 dəfə olmaqla həftənin birinci (bazar günü əvəzinə), üçüncü və beşinci günləri saat 19.10-da Bakıdan yola düşür, həftənin bazar, çərşənbə axşamı və şənbə günləri saat 9.08-də Bakıya gəlir. Sərnişin axını artarsa, Bakıdan həftənin şənbə günləri əlavə qatar ayrılacaqdır.
31/32 nömrəli Bakı-Kiyev sərnişin qatarı həftədə 1 dəfə olmaqla həftənin bazar ertəsi günləri saat 23.30-da Bakıdan yola düşür, həftənin bazar günləri saat 22.23-də Bakıya gəlir.
369/370 nömrəli Bakı-Xarkov sərnişin qatarı həftədə 1 dəfə olmaqla həftənin dördüncü günləri saat 23.30-da Bakıdan yola düşür, həftənin ikinci günləri saat 22.33-də Bakıya gəlir.
391/392 nömrəli Bakı-Rostov sərnişin qatarı yeni marşrutu üzrə, yəni Qudermes, Proxladnaya, Mineralnıye Vodı, Kavkazskaya stansiyalarından keçməklə həftədə 2 dəfə - həftənin çərşənbə axşamı və cümə axşamı (şənbə günü əvəzinə) günləri saat 19.10-da Bakıdan yola düşür və həftənin altıncı və birinci günləri saat 9.13-də Bakıya gəlir.
373/374 nömrəli Bakı-Tümen sərnişin qatarı hər gün saat 16.10-da Bakıdan yola düşür, saat 19.36-da Bakıya gəlir.
313/314 nömrəli Bakı-Sankt-Peterburq sərnişin qatarı həftədə 1 dəfə olmaqla həftənin çərşənbə günləri saat 23.30-da Bakıdan yola düşür, həftənin çərşənbə günləri saat 9.08-də Bakıya gəlir.
621/622 nömrəli Bakı-Mahaçqala “Ekspress” qatarı günaşırı olmaqla ayın cüt tarixləri, saat 7.00-da Bakıdan yola düşür, ayın tək günləri saat 4.50-də Bakıya gəlir.
Mayın 25-dən başlayaraq birbaşa Bakı-Simferopol, Lvov-Bakı, Odessa-Bakı və qoşma Dnepropetrovsk-Bakı vaqonları 31/32 nömrəli Bakı-Kiyev sərnişin qatarının heyətində; qoşma Samara-Bakı, Ufa-Bakı, Çelyabinsk-Bakı, Saratov-Bakı və birbaşa Novosibirsk-Bakı vaqonları 373/374 nömrəli Bakı-Tümen sərnişin qatarının heyətində; Həştərxan-Bakı vaqonu 313/314 nömrəli Bakı-Sankt-Peterburq sərnişin qatarının heyətində hərəkət edəcəkdir.
Birbaşa Kazan-Bakı və Ulyanovsk-Bakı Bakıya 56/55 nömrəli Moskva-Bakı sərnişin qatarının tərkibində gələrək, geriyə 373/374 nömrəli Bakı-Tümen sərnişin qatarının tərkibində qayıdacaqdır.