SİYASƏT
MDB Daimi Nümayəndələr Şurası müxtəlif sahələrdə əməkdaşlığa dair 20-dən çox məsələni gözdən keçirəcəkdir
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 5-də MDB-nin üzvü olan dövlətlərin Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) iclası keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilmişdir.
Daimi səlahiyyətli nümayəndələr ilk növbədə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 5-də Daşkənddə keçiriləcək iclasının gündəliyini müzakirə etmək niyyətindədirlər. Birlik ölkələrinin siyasi sahədə, habelə təhlükəsizlik, təhsil, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində qarşılıqlı fəaliyyətini tənzimləyən sənədləri xarici siyasət idarələri başçılarının müzakirəsinə çıxarmaq planlaşdırılır.
Daimi səlahiyyətli nümayəndələrə MDB Hökumət Başçıları Şurasının mayın 31-də Minskdə nəzərdə tutulmuş növbəti iclasının gündəliyi layihəsinə təkliflər də təqdim olunacaqdır. Həmin iclasda ətraf mühitin mühafizəsi, MDB bank patentlərinin və innovasiyalarının yaradılması, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi sahəsində əməkdaşlığa dair 20-dən çox məsələnin müzakirəsi, sabitliyin və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, sahə əməkdaşlığı orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair tədbirlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, DSNŞ-nin iclasında MDB Hökumət Başçıları və Dövlət Başçıları Şurası tərəfindən baxılması üçün beynəlxalq müqavilə layihələrinin razılaşdırılmasının gedişatı müzakirə ediləcəkdir.
2013-cü ilin yanvar ayına olan vəziyyətə görə MDB Hökumət Başçıları Şurasının və Dövlət Başçıları Şurasının müzakirəsinə 39 beynəlxalq müqavilə çıxarmaq nəzərdə tutulur ki, bunların da 6-sı MDB İqtisadi Şurasının və Xarici İşlər Nazirləri Şurasının iclaslarında artıq bəyənilmişdir və MDB Hökumət başçıları Şurasının 2013-cü il 31 may tarixli növbəti iclasında müzakirə ediləcəkdir.
Sözügedən 39 beynəlxalq müqavilə layihəsindən 13-ü iqtisadi əməkdaşlıq, 14-ü humanitar əməkdaşlıq, 11-i təhlükəsizlik sahəsində əməkdaşlıq, 1-i hüquqi məsələləri ehtiva edən layihədir.
Daimi səlahiyyətli nümayəndələr 2013-cü ildə MDB Hökumət Başçıları və Dövlət Başçıları Şurası tərəfindən baxılması üçün beynəlxalq müqavilə layihələrinin vaxtında razılaşdırılmasına kömək məqsədi ilə tədbirlər nəzərdə tutacaqlar.