SİYASƏT
MDB Hökumətlərarası şurası “Belovejskaya puşşa”da meşə təsərrüfatının inkişaf perspektivlərini müzakirə edəcəkdir
Minsk, 16 avqust (AZƏRTAC). MDB-nin Meşə sənayesi kompleksi və meşə təsərrüfatı üzrə hökumətlərarası şurasının 13-cü iclasında meşə təsərrüfatının inkişaf perspektivləri müzakirə olunacaqdır. Görüş avqustun 22-23-də “Belovejskaya puşşa” milli parkında (Belarus) keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki iqamətgahında bildirmişlər.
İclasda həmçinin MDB-yə üzv dövlətlərin meşə sənayesi və meşə təsərrüfatı komplekslərinin sosial-iqtisadi inkişaf istiqamətləri, meşə və meşə təsərrüfatı ilə bağlı tarixi-mədəni irsin qorunub saxlanması mövzusu, meşə təsərrüfatı sahəsində MDB ölkələri arasında əməkdaşlığın nəticələri nəzərdən keçiriləcəkdir. Təşkilat ölkələrinin sərhədyanı ərazilərində təbii yanğınların profilaktikasına və söndürülməsinə dair sazişin həyata keçirilməsinin təşkilati-informasiya məsələlərinin müzakirəsi planlaşdırılır.
Görüşdə Birlik ölkələrinin meşəçilik idarələrinin başçıları, MDB İcraiyyə Komitəsinin, meşə sənayesi kompleksi təşkilatlarının, həmkarlar ittifaqlarının nümayəndələri, alimlər iştirak edəcəklər.
Hazırda Belarus Hökumətlərarası şurada sədrlik edir. MDB-nin Meşə sənayesi kompleksi və meşə təsərrüfatı üzrə hökumətlərarası şurasının ilkin məqsədləri MDB-yə üzv dövlətlərin meşə sənayesi kompleksinin və meşə təsərrüfatının sabitləşməsinə və inkişafına kömək göstərilməsi, meşə məhsulunun qarşılıqlı satış bazarlarının təmin edilməsi üçün razılaşdırılmış tədbirlər görülməsi, meşə-xammal ehtiyatlarından səmərəli istifadənin təmin olunmasıdır. Şuranın daha bir vəzifəsi sabit, iqtisadi cəhətdən rentabelli, ekoloji cəhətdən məsul və sosial yönümlü meşə idarəçiliyinə və istifadəsinə nail olmağa kömək göstərməkdən ibarətdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk