SİYASƏT
MDB-nin ekspertləri vahid təhsil məkanın yaradılmasına dair əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 19-20-də MDB İcraiyyə Komitəsinin Minskdəki baş qərargahında MDB vahid (ümumi) təhsil məkanın yaradılmasına dair əməkdaşlıq haqqında sazişə dəyişikliklər haqqında protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcəkdir.
Bu barədə AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir.
Saziş 1997-ci ildə imzalanmışdır. Sənəddə təhsil sahəsində inteqrasiya proseslərinin əlaqələndirilməsi mexanizminin yaradılması, elmi kadrların hazırlanması və attestasiyası, tədris haqqında və elmi-texniki informasiyadan sərbəst istifadə, təhsil sahəsində qarşılıqlı fəaliyyət məsələləri ilə bağlı zəruri hüquqi bazanın hazırlanması, elmi dərəcələr və rütbələr haqqında sənədlərin tanınması mexanizminin yaradılması nəzərdə tutulmuşdur.
Düzəlişlərin əksəriyyəti MDB təhsil sahəsində əməkdaşlıq Şurası haqqında Əsasnaməyə aiddir. Protokol layihəsində Şuranın vəzifələri, funksiyaları, formalaşdırma qaydaları, işinin təşkili dəqiqləşdirilir. Düzəlişlər qəbul edildikdən sonra Şuranın vəzifələrinə təhsil sahəsində əməkdaşlığın inkişafı, elmi və elmi-pedaqoji kadrların hazırlanmasına və attestasiyasına yardım, beynəlxalq, milli, regional təhsil birlikləri və assosiasiyaları ilə qarşılıqlı fəaliyyətin təşkili, Birlik ölkələrinin milli təhsil sistemlərinin inkişafına dair təcrübəsinin təbliği daxil ediləcəkdir.
Şuranın tərkibinə dövlət hakimiyyətinin təhsil sahəsində rəhbər orqanları və yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasına dair rəhbər orqanlarla yanaşı, MDB İcraiyyə Komitəsinin katibi və nümayəndələrinin daxil edilməsi təklif olunur. Şuraya sədrliyi Birlik ölkələri rus əlifbası qaydası ilə həyata keçirəcəklər.
Protokol layihəsinin tam razılaşdırıldıqdan sonra MDB Hökumət Başçıları Şurasının növbəti iclasının müzakirəsinə daxil ediləcəyi gözlənilir.