ELM VƏ TƏHSİL
“MDU-nun Bakı filialı beynəlxalq qarşılıqlı fəaliyyətə yaxşı nümunədir”
Bakı, 5 aprel (AZƏRTAC). “Mən tamamilə əminəm ki, elm və təhsil beynəlmiləl məfhumlardır, ona görə də bu sahədə beynəlxalq qarşılıqlı fəaliyyət son dərəcə zəruridir. Moskva Dövlət Universitetinin Bakı filialında mənim gördüklərim bu qarşılıqlı fəaliyyəti necə həyata keçirmək lazım olduğunu göstərən çox yaxşı nümunədir”. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, məşhur fizik, MDU-nun fizika fakültəsinin ümumi fizika və kondensasiyalı hal fizikası kafedrasının müdiri Dmitri Xoxlov bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Rusiyalı fizik qeyd etmişdir ki, bütün ölkələrin alim və müəllimlərinin qarşılıqlı fəaliyyəti, gənclərin öyrədilməsi elmi və təhsili yeni səviyyəyə çatdırmağa imkan verən ən mühüm komponentlərdir.
Alim qeyd etmişdir ki, Bakı filialında təlim ən müasir metodikalar üzrə aparılır.
O, demişdir: “Buradakı gənclərin səviyyəsi çox yaxşıdır, bu, MDU-nun kimya fakültəsinin tələbələrinin səviyyəsinə uyğundur”.
D.Xoxlov vurğulamışdır ki, tələbələrin magistraturada təhsillərini davam etdirməsinə imkan vermək lazımdır. Onun sözlərinə görə, bu işlər MDU və Bakıdakı akademik institutlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməlidir.