İQTİSADİYYAT
MDU-nun Bakı filialı tələbələrinin “Azərikimya” İstehsalat Birliyində istehsalat təcrübəsi uğurlu olmuşdur
Sumqayıt, 5 sentyabr (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbələrinin yay tətili dövründə istehsalat təcrübəsinin təşkil edilməsinə cavabdeh nümayəndələri ilə görüş olmuşdur.
Bu il MDU-nun Bakı filialının kimya fakültəsinin tələbələri ilk dəfə olaraq “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçmişlər.
Görüşdə istehsalat birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Respublika Dövlət Neft Şirkətinin mühüm tərkib hissəsi olan kimya kompleksinin strukturu, fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat verərək bildirmişdir ki, dörd kimya müəssisəsinin və bir sıra istehsalat sahələrinin daxil olduğu birliyin struktur bölmələri və baş ofisi Sumqayıtda yerləşir. İstehsalat birliyinin kollektivində 6 mindən çox işçi çalışır.
Təcrübəçi tələbələrin də iştirak etdiyi görüşdə istehsalat birliyində MDU tələbələri üçün yaradılmış əlverişli şərait barədə, bu məşhur ali məktəbin və “Azərikimya”nın əməkdaşlığının müxtəlif aspektləri haqqında söhbət getmişdir. İstehsalat praktikasının rəhbəri, MDU-nun Bakı filialı kimya fakültəsinin dosenti Natalya Sorokina da təklif və tövsiyələrini bildirmişdir.
######