MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri Qax şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 16 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 25-də saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (N.Nərimanov prospekti, 4) vətəndaşların qəbulunu keçirəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir şəhərindən, Şəki, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (“Qaynar xətt”): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan, həmçinin yuxarıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş edilir.