CƏMİYYƏT
“Media könüllüləri” proqramına qeydiyyat başlayıb
![“Media könüllüləri” proqramına qeydiyyat başlayıb](/files/2022/1/1200x630/16462171081377543804_1200x630.jpeg)
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda, ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədilə “Media könüllüləri” proqramına yenidən qeydiyyat elan edib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Media sahəsində könüllü olmaq istəyən 18-29 yaş arası gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
“MEDİA könüllüləri” Proqramı 3 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini yerinə yetirən könüllülər proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi aprelin 2-dir.