Məktəblilər Masallı və Astarada
Masallı-Astara, 28 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Sumqayıt, Naftalan və Mingəçevir şəhərlərinin, Xızı, Laçın, Qubadlı, Şabran, Siyəzən rayonlarının məktəbliləri Lənkəranla tanışlıqdan sonra martın 28-də Masallı və Astara rayonlarına səyahət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Məktəblilər Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.
Tur-aksiya iştirakçıları Uşaq İncəsənət Məktəbi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyinə səyahət ediblər.
Sonra məktəblilər "ASAN həyat" kompleksinə gələrək buradakı "İntellektual Mərkəz"də keçirilən Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyib, “Kinoklub” və “ABAD Mərkəz”lə tanış olublar.
Masallı rayonu ilə tanışlıqdan sonra şagirdlər günün ikinci yarısında Astara rayonuna gəliblər.
Humanitar aksiyanın iştirakçılarını Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tur-aksiyanın iştirakçılarını salamlayaraq məktəblilərə rayonun tarixi, adət-ənənələri, mədəniyyət abidələri, əhalinin məşğulluğu, turizm potensialı, sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilmiş maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirən Y.Rəsulova məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaradan humanist aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.
Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məlumat verib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.
Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2015-ci ildə Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 12 hektar artırılaraq 18 hektara çatdırılacaq.
“Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamına müvafiq olaraq park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlə davam etdirilir. Kompleksin bataqlıq hissəsi abadlaşdırılıb, buranın qurudulması üçün 100 min kubmetrlərlə qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılıb. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda qala divarlarının, Bayraq meydanının tikintisi sürətlə davam etdirilir.
İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək. Ərazidə, həmçinin uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra məktəblilər Lənkərana qayıdıblar.