SİYASƏT
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində tədbirlər davam etdirilir
![“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində tədbirlər davam etdirilir](/files/2013/3/1200x630/14071451495342647660_1200x630.jpg)
Tovuz, 22 noyabr (AZƏRTAC). “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə Tovuz şəhərində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində növbəti tədbir keçirmişdir. AZƏRTAC xəbər verir ki, gənclərin iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin oxuması ilə başlamışdır.
Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov bildirmişdir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı geniş informasiya yaymaq və bu sahədə təcrübəni bölüşmək, dövlətin və millətin mənafeyini uca tutmaq hissləri aşılamaqdır. Tədbirdə yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən də söhbət açılmışdır. Məlumat verilmişdir ki, layihə çərçivəsində rəsm, şeir və mahnı müsabiqələri, gənc jurnalistlər arasında isə yazı müsabiqəsi keçirilmişdir.
Daha sonra Jurnalist Araşdırmalar İctimai Birliyinin sədri Seymur Verdizadə, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və başqaları çıxış edərək gənclərə öz tövsiyələrin vermişlər. Qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin daha da güclənməsi naminə gənc nəslin milli ruhda yetişməsinə kömək etmək hər kəsin, xüsusən ziyalıların vətəndaşlıq borcudur.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmiş, bir qrup fəal gəncə TUMİB-in diplomu təqdim edilmişdir.