REGİONLAR
“Mənim ailəm” beynəlxalq gənclər festivalı maraqlı tədbirlərlə yadda qalıb
Balakən, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC
2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakəndə avqustun 28-də başlanan “Mənim ailəm” beynəlxalq gənclər festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan festivalda MDB-yə üzv ölkələrdən, Gürcüstandan, eləcə də Azərbaycandan 20-dək gənc ailə iştirak edib.
Festival maraqlı müsabiqələr, intellektual oyunlar və idman yarışları ilə yadda qalıb. Proqrama uyğun olaraq, əvvəlcə festivalda təmsil olunan ölkələrin tanıdılması məqsədilə ailələr tərəfindən təqdimatlar hazırlanıb və nümayiş etdirilib.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən “şən startlar” ailələrarası idman yarışında Qırğızıstandan gəlmiş İbraqimovlar ailəsi birinci yerə çıxıb. Azərbaycanı təmsil edən Məmmədovlar ailəsi ikinci, qazaxıstanlı Jakimbayevlər ailəsi isə üçüncü yeri tutublar.
“Xəmsə” intellektual oyunu üzrə keçirilən yarış da Qırğızıstan təmsilçisi İbraqimovlar ailəsinin qələbəsi ilə başa çatıb. Belarusdan gəlmiş Kapitkovlar ailəsi ikinci, ölkəmizi təmsil edən Şoranovlar ailəsi isə üçüncü olublar.
Kapitkovlar ailəsi kulinariya müsabiqəsində də fərqlənərək birinci yeri tutub.
Festivalda iştirak edən bütün ailələr və müsabiqələrin qalibləri Gənclər və İdman Nazirliyinin sertifikat, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.