SİYASƏT
Mərakeşin “Əl-Aləm” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilmişdir
Bakı, 25 noyabr (AZƏRTAC). Mərakeşin “Əl-Aləm” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalənin müəllifi, III Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmiş Omar Derkuli ölkəmizdə şahidi olduğu abadlıq, quruculuq işləri haqqında ətraflı məlumat vermişdir.
Müəllif Azərbaycanın şəhərləri ilə yanaşı, kəndlərində də mühüm abadlıq işlərinin aparıldığını qeyd etmişdir. Azərbaycanın kəndlərini kiçik şəhərlər adlandıran Omar Derkuli oxucuların diqqətini bu kəndlərdə abad yolların qurulması, müasir tibb məntəqələrində savadlı həkimlərin işləməsi, gözəl memarlıq üslubunda məktəblərin inşa olunmasına cəlb etmişdir.
Azərbaycanın uzunömürlü insanlar ölkəsi olduğunu qeyd edən müəllif ölkə vətəndaşlarının və kənd sakinlərinin qonaqpərvərliyini vurğulamışdır.
Azərbaycana səfəri zamanı müşahidə etdiklərinin onda dərin təəssüratlar yaratdığını yazan O.Derkuli ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan da bəhs etmişdir. O, Azərbaycanın region ölkələri ilə yanaşı, dünya dövlətləri üçün yaxşı nümunə olduğunu vurğulamışdır.