Mərkəzi Elmi Kitabxanada akademik Ziyad Səmədzadənin kitab kolleksiyası yaradılıb
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış iqtisadçı-alim, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadənin kitab kolleksiyası yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kolleksiya akademik tərəfindən hədiyyə olunan 87 adda dəyərli nəşr əsasında formalaşdırılıb. Bu nəşrlər sırasında həm müəllifin elmi əsərləri, həm də iqtisadiyyat, enerji, geosiyasi məsələlər və regional inkişafla bağlı müxtəlif mövzuları əhatə edən toplular yer alır.
Kolleksiyaya daxil olan nəşrlər sırasında “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları, “İlham Əliyev: iqtibaslar və təhlil”, “Böyük iqtisadi ensiklopediya” (7 cilddə), “Bakı nefti - qələbənin açarı”, “İqtisadi tərəqqiyə həsr edilən ömürlər”, “Onuncu beşillikdə Sovet Azərbaycanının iqtisadi və sosial inkişafı”, “Xəzər nefti. Azərbaycanın strategiyası. Regionun gələcəyi”, “Azərbaycan. Dinamik tarazlı, keyfiyyətli inkişaf”, “Science Without Borders”, “Akademik Ziyad Səmədzadənin elmi yaradıcılığı: Azərbaycanın XX əsr və müstəqillik dövründə iqtisadi inkişafın aktual problemləri”, “Ziyad Əliabbas oğlu Səmədzadə: Biobiblioqrafik göstərici”, “Çin qlobal dünya iqtisadiyyatında”, “Azərbaycan iqtisadiyyatı 100 ildə” (çoxcildlik), “Qarabağ iqtisadiyyatı 100 ildə” (V cild) və digərləri var.
Tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbə olan kolleksiya MEK-in Kitabxana fondlarının təşkili, mühafizəsi və istifadəsi şöbəsinin Azərbaycan dilində ədəbiyyat fonduna daxil edilib.