SİYASƏT
Mərkəzi Seçki Komissiyasının seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarının sonuncu günü əhəmiyyətli fikir mübadiləsi ilə yadda qalmışdır
Şabran, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 7-də şimal bölgəsində keçirdiyi kursların sonuncu günündə MSK nümayəndələrinin, rayon polis şöbələri rəislərinin, dairə seçki komissiyalarının (DSK) sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
AZƏRTAC xəbər verir ki, kursların sonuncu günü 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər, və 56 saylı Xaçmaz kənd seçki dairələrinin dairə seçki komissiyalarında aparılan işgüzar müzakirələrlə yadda qalmışdır.
MSK-nın üzvü Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev təlim məşğələsinin sonuncu günündə 54 saylı Şabran-Siyəzən seçki dairəsinin dairə seçki komissiyasının üzvləri və dairəyə daxil olan 68 məntəqə seçki komissiyalarının sədrləri üçün mühazirə oxumuşlar.
Təlimlərin sonuncu günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmini, seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması, eləcə də seçki komissiyaları ilə səmərəli əlaqənin qurulması və digər mövzular ətrafında çıxışlar edilmiş, fikir mübadiləsi olmuşdur.