ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinə orta əsr müdafiə yaraqları təqdim edilib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına orta əsr müdafiə yaraqları daxil edilib. Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.
Müdafiə yaraqları XVIII əsr Azərbaycan döyüşçüsünə məxsus qalxan və qolçaq dəstidir. Qalxanın üzərində dörd ədəd yarımdairəvi formada umbon olub, kənarları gül ləçəyi formasında kəsilib. Qalxanın səthi yarım gül ləçəyi formasında qızılla işlənmiş nəbati naxışlarla təsvir edilib. Mərkəzində isə günəş təsviri mövcuddur. Qalxanın kənarı metal haşiyə ilə bitir. Üzəri cızma üsullu nəbati naxışlarla işlənib. Astar parçasının üzərində qırmızı rəngli zanbaq gülləri təsvir olunub.
Qolçaqların üzəri də cızma üsulu ilə çəkilmiş nəbati naxışlarla, zanbaq gülləri ilə bəzədilib. Kənarlardakı həndəsi xətlərin içərisində nəbati naxışlar qızılla işlənib. Qolçaqların içərisindəki astar parçalarının üzərində qırmızı rəngli zanbaq gülləri təsvir olunub.
Muzeyə təqdim edilən bu müdafiə yaraqları orta əsr Azərbaycan hərb sənətinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.