MİLLİ BANK BƏYAN ETDİYİ PUL SİYASƏTİNƏ SADİQDİR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum 2008-ci il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq, ölkədə məcmu tələblə məcmu təklif arasında nisbətin tarazlaşmasına təsir etmək, öz funksiyaları çərçivəsində inflyasiya səviyyəsinin və maliyyə sisteminin sabitliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər görür.
Bu məqsədlə ilin əvvəlindən bəri ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaq üçün məzənnə siyasətinin tətbiqində bivalyuta mexanizminə keçid təmin edilmiş, habelə maliyyə sektorunun risklərini azaltmaq məqsədilə bank sistemi üzrə bir sıra prudensial normativlərin sərtləşdirilməsi və bankların xarici öhdəliklərinə məcburi ehtiyat normalarının tətbiqi barədə qərar qəbul edilmişdir.
İnflyasiyanın monetar amillərinə nəzarəti daha da gücləndirmək, kredit ekspansiyasının məqbul səviyyədə getməsinə şərait yaratmaqla məcmu tələbin artım kanallarının və maliyyə sektoruna potensial təhdidlərin məhdudlaşdırılması, habelə banklararası pul bazarının inkişafına dəstəkdən ötrü faiz siyasətinin sərtləşdirilməsi çərçivəsində faiz dəhlizinin parametrlərinə də yenidən baxılması məqsədəuyğun sayılmışdır.
İdarə heyəti 2007-ci il aprelin 10-dan etibarən uçot dərəcəsinin 13 faizdən 14 faizə yüksəldilməsinə, faiz dəhlizinin aşağı həddinin 5 faizdən 3 faizə endirilməsinə, faiz dəhlizinin yuxarı həddinin isə 19 faizdən 20 faizə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Uçot dərəcəsinin və faiz dəhlizinin yuxarı həddinin yüksəldilməsi real faiz dərəcələrinin pozitiv səviyyəsinə nail olmaq, faiz dəhlizinin aşağı həddinin azaldılması isə banklararası pul bazarının inkişaf etdirilməsi məqsədi daşıyır.