CƏMİYYƏT
Milli Hematologiya və Transfuziologiya Mərkəzində 1 700-dən çox hemofiliyalı şəxs qeydiyyatdadır
![Milli Hematologiya və Transfuziologiya Mərkəzində 1 700-dən çox hemofiliyalı şəxs qeydiyyatdadır](/files/2024/1/1200x630/17125814705194213367_1200x630.jpg)
Bakı, 8 aprel, AZƏRTAC
“Hemofiliya xəstəliyi çox ağır irsi xəstəlikdir. Bu xəstəlik davamlı qanaxmalarla müşahidə olunur və bəzən həmin qanı dərmansız saxlamaq mümkün deyil”
Bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemotologiya kafedrasının müdiri Elmira Qədimova “Hemofiliyanın aktual problemləri: ekspertlərin zirvə toplantısı” adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində AZƏRTAC-ın sualına cavab olaraq bildirib.
E.Qədimova qeyd edib ki, hazırda dünyada 400 mindən çox hemofiliyalı xəstə var. Hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzində 1 700-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır.
“Ölkə rəhbərliyi səhiyyəyə və təhsilə böyük önəm verir. Bunun bariz nümunəsi odur ki, hələ 2005-ci ildə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-cı ildə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" qəbul olunub. Nəticədə hemofiliyalı xəstələr çox bahalı dərmanları imtiyazla ala bilirlər və bu dərmanlardan bəhrələnirlər”, - deyə E.Qədimova vurğulayıb.
Hemofiliya Mərkəzində xəstələrə göstərilən müalicə üsullarından danışan mütəxəssis qeyd edib ki, mərkəz 1973-cü ildə yaradılıb: “Artıq biz hemofiliyalı xəstələr üçün Mərkəzdə yeni dərmanlardan istifadə edirik. Ağır hemofiliyalı xəstələrdə profilaktik müalicə apararaq onların vəziyyətini qat-qat yaxşılaşdırırıq. Bu dərmanların nəticəsində hemofiliyalı xəstələr yataq rejimindən aktiv rejimə keçiblər”, - deyə professor fikrini yekunlaşdırıb.