MƏDƏNİYYƏT
MİLLİ MƏCLİSDƏ HƏSƏN BƏY ZƏRDABİNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Yanvarın 23-də Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyası və Bakı Dövlət Universiteti milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 165 illiyi münasibətilə “Azərbaycan mətbuatı: ənənə və müasirlik” mövzusunda elmi - praktik konfrans keçirmişlər.
Konfransın açılışında Milli Məclis sədrinin müavini Gövhər Bəxşəliyeva və parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov çıxış etdilər. H. B.Zərdabinin çoxcəhətli fəaliyyətindən söz açan natiqlər onu öz xalqının maariflənməsinə, cəhalətdən qurtulmasına ürəkdən, rahatlıq bilmədən çalışan böyük ziyalı kimi səciyyələndirdilər. Qeyd etdilər ki, Azərbaycanda demokratik “Əkinçi”-qəzetini nəşr etməklə jurnalistikamızın ilk təməl daşını qoyan Həsən bəy Zərdəbi eyni zamanda ölkəmizdə qəzetçilik ənənəsini yaratdı. İlk nömrəsindən başlayaraq bu qəzetdə mütərəqqi, demokratik ideyalar təbliğ olunurdu. Yeni nəslin təhsilinə, təlim- tərbiyəsinə də qəzetdə geniş yer ayrılırdı.
Şərqdə ən ağrılı məsələrdən birinə- qadın problemlərinə bu mətbu orqanında böyük diqqət verildiyini yüksək qiymətləndirən G.Bəxşəliyeva bunu Həsən bəy Zərdabinin geniş dünyagörüşünə, təfəkkürə malik bir insan olduğuna sübut kimi dəyərləndirdi. Dedi ki, bu böyük ziyalı çox gözəl bilirdi ki, cəmiyyətdə azad insanı yalnız azad qadın yetişdirə bilər. Yüksək təhsilli vətəndaşın yetişdirilməsi də ananın təhsili ilə bağlıdır. Azərbaycan qadınının ictima həyata cəlb olunmasında da Həsən bəy Zərdabi yorulmadan çalışmışdır.
Konfransda Milli Məclisin deputatları- filologiya elmləri doktoru, professor Şamil Qurbanov “Həsən bəy Zərdabi və XX əsrin əvvəllərində Azərbaycan mətbuatı”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Həsən bəy Zərdabi və müasir Azərbaycan mətbuatı” mövzusunda məruzə etdilər.
Sonra akademik Teymur Bünyadov, fəlsəfə elmləri doktorları İzzət Rüstəmov, Zümrüd Quluzadə, Milli Məclisin deputatı Səyyad Aran və başqaları çıxış etdilər.
Natiqlər Azərbaycan mədəniyyətinin və mətbuatının inkişafında “Əkinçi” qəzetinin və onun naşiri Həsən bəy Zərdabinin əvəzsiz xidmətlərindən ətraflı söz açdılar.
Konfransa G.Bəxşəliyeva yekun vurdu.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və başqa şəxslər konfransda iştirak edirdil ər.