SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, görüşdə qonağı səmimi salamlayan parlamentin sədri yeni təyin edilmiş həmsədrin Dağlıq Qarabağ probleminin həllində obyektiv mövqe tutacağina ümidvar olduğunu diqqətə çatdırdı. Sədr Rusiya Prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək, ölkə başçıları Vladimir Putinin və Heydər Əliyevin qarşılıqlı səfərləri zamanı aparılan danışıqların və imzalanmış sənədlərin dövlətlərarası əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildirdi.
Parlamentin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin bu günə qədər qənaətbəxş olmadığını vurğuladı və problemin tarixi kökləri haqqında qonağa ətraflı məlumat verdi. Qeyd edildi ki, tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridən və “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz dövlətlərini Azərbaycan torpaqları hesabına yaratmışlar. Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monorespublika kimi tanınmaqdadır. BMT-nin münaqişə ilə bağlı dörd qətnaməsinə məhəl qoymayan, Lissabon sammitinin prinsiplərinin əleyhinə olan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir.
Daha sonra Murtuz Ələsgərov dedi: “Biz münaqişənin sülh yolu ilə, ədalətli həllinə tərəfdarıq. Əgər aparılan danışıqlar bir nəticə verməzsə, Azərbaycan başqa vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir. İnanırıq ki, ATƏT-in Minsk qrupu fəaliyyətini daha da gücləndirəcək, münaqişənin dinc yolla aradan qaldırılmasına öz layiqli töhfəsini verəcəkdir”.
Görüşdə qonaq Dağlıq Qarabağ problemi ilə əlaqədar ətraflı məlumata görə parlamentin sədrinə təşəkkürünü bildirdi. Qeyd edildi ki, ATƏT-in Minsk qrupunun yeni həmsədri kimi o, münaqişənin sülh yolu ilə həllində öz qüvvə və bacarığını əsirgəməyəcəkdir. Səfir bildirdi ki, Azərbaycana bu səfəri tanışlıq xarakteri daşıyır. Problemin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri bu il sentyabrın 15-də Vyanada toplaşacaqlar. Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra isə onlar regiona səfər etməyi planlaşdırırlar.
Dörd il bundan əvvəl respublikamızda olmuş qonaq son illər Azərbaycanda həyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərdən məmnunluğunu bildirdi.
Parlamentin sədri Murtuz Ələsgərov respublikamızın Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar barədə qonağa ətraflı məlumat verdi və qarşıdakı prezident seçkilərindən söz açdı. O qeyd etdi ki, bu il oktyabrın 15-də beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək seçkilər dünya standartlarına uyğun tam demokratik prinsiplərə əsaslanacaqdır.
Qəbulda Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Stanislav Çernyavski iştirak edirdi.