SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 24-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan parlamentinin ötən iclasında Böyük Millət Məclisinin yaradılmasının ildönümü ilə əlaqədar Türkiyə parlamentinin ünvanına təbrik məktubu göndərmək qərara alınmışdır. O, Türkiyə-Azərbaycan münasibətlərinin uğurla inkişaf etməsindən danışaraq, dövlət başçılarının və parlament üzvlərinin qarşılıqlı görüşlərinin əhəmiyyətini xüsusi vurğuladı. Milli Məclis sədrinin müavini dedi ki, Azərbaycanın NATO Parlament Assambleyasındakı, AŞPA-dakı və Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı Parlament Assambleyasındakı nümayəndələri türkiyəli həmkarlarının dəstəyini həmişə hiss edirlər.
Z.Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə məlumat verdi, Türkiyə və Azərbaycan deputatlarını antitürk və antiazərbaycan fəaliyyəti iıə məşğul olan erməni təbliğat maşını ilə mübarizədə səyləri birləşdirməyə çağırdı.
Şamil Ayrım bu fikirlə razılaşaraq dedi ki, Türkiyə regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır. O, əlavə etdi ki, onların bu səfərdən əsas məqsədi ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün yeni imkanlar axtarmaqdır.
Qonaq Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş barədə məlumat verərək bildirdi ki, Azərbaycan parlamentinin nümayəndə heyətini yaxın vaxtlarda Türkiyəyə dəvət etmək qərara alınmışdır.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparıldı.