SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 29-da Milli Məclisin sədri Murtuz Ələsgərov Macarıstanın Azərbaycandakı səfiri Erne Keşkeni qəbul etmişdir.
Murtuz Ələsgərov qonağı səmimiyyətlə salamlayaraq dedi ki, Macarıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1991-ci ildə yaradılmış və bundan sonra bütün istiqamətlərdə ikitərəfli əlaqələr inkişaf etməyə başlamışdır. Azərbaycan Prezidenti Heydər Əliyev ötən ilin mayında Sizin etimadnamənizi qəbul edərkən qarşılıqlı surətdə faydalı münasibətlərin perspektivlərindən ətraflı söhbət getdi.
Ölkəmizin ali qanunvericilik orqanının sədri parlamentlərarası əlaqələrin genişlənməsi məsələsinə toxunaraq bildirdi ki, Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupu yaradılmışdır. O, ölkələrimizin bir-birinə parlament nümayəndə heyətləri göndərməsini və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi aparılmasını da təklif etdi.
Murtuz Ələsgərov səfirə respublikamızın beynəlxalq təşkilatlara və Avropa təşkilatlarına inteqrasiyası barədə məlumat verdi, Azərbaycanın NATO-ya müşahidəçi qismində qəbul ediləcəyi təqdirdə bunun əhəmiyyətini vurğuladı.
Erne Keşken səmimi qəbula görə təşəkkür edərək bildirdi ki, Macarıstanın eyni zamanda Rusiyada və Qafqaz respublikalarında səfiri olaraq, öz dövlətinin keçmiş Sovet İttifaqı ölkələri ilə münasibətləri inkişaf etdirməyə yönəldilmiş siyasətini yerinə yetirməyə çalışır. O, qeyd etdi ki, Azərbaycanla hazırda o qədər də yüksək səviyyədə olmayan iqtisadi əlaqələrin daha da genişləndirilməsinə Macarıstanda böyük əhəmiyyət verilir. Səfir dedi: “Qarşılıqlı faydalı əməkdaşlığın təfərrüatını, habelə hüquqi baza yaradılması, yeni sazişlər bağlanması məsələlərini biz Azərbaycan Prezidenti ilə görüşdə müzakirə edəcəyik”.
Sonra səfir onun ölkəsində bir həftə əvvəl keçirilmiş parlament seçkilərinin nəticələri, Macarıstanın qanunvericilik orqanının tərkibi, strukturu və komissiyaları barədə məlumat verdi. Erne Keşken Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya etmək səylərini alqışlayaraq bildirdi ki, NATO-nun tam hüquqlu üzvü kimi onun ölkəsi Avropa Birliyinə daxil olmaq üçün bu təşkilatla danışıqlar aparır və danışıqlar çari ilin axırlarında başa çatacaqdır.
Erne Keşken həmçinin bildirdi ki, bu il Macarıstanın dövlət başçısı Azərbaycana səfər edəcəkdir.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.