SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
İyunun 3-də Milli Məclisin sədri Murtuz Ələsgərov Böyük Britaniya parlamentinin lordlar və icmalar palatalarının ölkəmizdə səfərdə olan üzvlərini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq, onların bu səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında böyük əhəmiyyəti olduğunu bildirdi.
Lordlar palatasının üzvü Devid Alton səmimi qəbula və Milli Məclisin iclasında iştirak etməyə imkan verildiyinə görə minnətdarlığını bildirərək, parlamentlərarası əlaqələrin inkişafında Azərbaycanın Böyük Britaniyadakı səfirinin fəaliyyətini xüsusi vurğuladı. O, Azərbaycanda keçirdikləri görüşlər, Biləsuvar rayonunda çadır şəhərciyində olmalarından danışaraq dedi ki, biz məcburi köçkünlərin ağır həyat şəraiti barədə həqiqəti ölkəmizin ictimaiyyətinə çatdıracağımıza söz vermişik.
Devid Alton Lordlar palatası sədrinin salamını Murtuz Ələsgərova çatdırdı və Azərbaycan parlamentinin nümayəndə heyətini yaxın vaxtlarda Böyük Britaniyaya səfərə dəvət etdi. Onun sözlərinə görə, Azərbaycan parlamentinin nümayəndə heyəti Şimali İrlandiyada münaqişənin nizama salınmasında vasitəçi ola bilər.
Parlamentin digər üzvü - Cənubi Qafqaz ölkələri parlamentləri spikerlərinin ötən il Oksfordda keçirilmiş görüşünün təşkilatçılarından biri olan lord Hilton həmin ölkələrin parlament başçılarının Sankt-Peterburqda görüşünü keçirmək barədə Rusiya tərəfinin yeni təşəbbüsündən məmnun olduğunu bildirdi. Lord Əhməd isə Aberdin və Bakı şəhərlərinin qardaşlaşması barədə tezliklə saziş imzalanması təklifi ilə çıxış etdi.
Murtuz Ələsgərov lord Əhmədin bu ideyasını maraqlı təklif kimi qiymətləndirərək bildirdi ki, buna müvafiq dövlət orqanları tərəfindən baxılacaqdır.
Milli Məclisin sədri Azərbaycan- İngiltərə əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyədə keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğuladı. O xatırlatdı ki, 1994-cü ildən başlayaraq, Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyada dəfələrlə olmuş, bu ölkənin dövlət xadimləri ilə görüşmüş, mühüm sənədlər imzalamışdır. Faşizm üzərində qələbənin 50 illiyi şərəfinə Adam Smit İstitutunun təşkil etdiyi tədbirlər zamanı dövlətimizin başçısının Böyük Britaniyanın baş naziri Toni Bleyer ilə görüşünün çox böyük əhəmiyyəti olmuşdur.
Murtuz Ələsgərov hələ XIII əsrdə qəbul olunmuş Böyük azadlıqlar xartiyasını parlamentçiliyin rəmzi adlandırdı. O dedi ki, İngiltərə parlamentinin qanun yaradıcılığı sahəsində çox zəngin təcrübəsini nəzərə alaraq, Azərbaycan parlamentinin üzvləri bundan geniş istifadə edirlər.
Sonra Murtuz Ələsgərov ildən-ilə genişlənən iqtisadi əməkdaşlıqdan söhbət açaraq, bp neft şirkətinin Azərbaycanda uğurlu fəaliyyətini xüsusi nəzərə çarpdırdı.
Milli Məclisin sədri İngiltərəyə dəvətə görə minnətdarlığını bildirdi. O xatırlatdı ki, Linqs təşkilatının xətti ilə Milli Məclisin nümayəndə heyətləri bu ölkəyə iki dəfə getmişdir, növbəti səfər isə iyunun axırlarında olacaqdır.
Qəbulda parlamentlərarası münasibətlərlə bağlı bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparıldı.
Böyük Britaniyanın Bakıdakı səfiri Endryü Taker, Azərbaycanın Londondakı səfiri Rəfael İbrahimov qəbulda iştirak edirdilər.