SİYASƏT
Milli Məclisin deputatları AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak edəcəklər
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rafael Hüseynov və Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçiriləcək Demokratiya üzrə Dünya Forumunda iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaqdır.
Noyabrın 30-da isə deputat Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşəcəkdir.
İclasda Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər məsələlər müzakirə ediləcəkdir.