SİYASƏT
Milli Məclisin deputatları “Qadınlar parlamentdə qlobal forumu”nun illik toplantısında iştirak edəcəklər
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Milli Məclisinin deputatları Sahibə Qafarova, Gülçöhrə Məmmədova, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı “Qadınlar parlamentdə qlobal forumu”nun illik toplantısında iştirak etmək üçün noyabrın 26-da Belçikanın Brüssel şəhərinə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Parlamentində keçiriləcək tədbirdə fəal siyasətçi qadınlar bir sıra aktual məsələləri müzakirə edəcəklər.
Forum çərçivəsində “Cəmiyyətin yenidən formalaşdırılmasında qadınların liderliyinin rolu”, “Sülh və təhlükəsizlikdə ana amili”, “Cəmiyyətdəki sosial bərabərsizliyin aradan qaldırılmasında qadınlar” kimi mövzular gündəmdə olacaqdır.
Səfər noyabrın 30-da başa çatacaqdır.