İQTİSADİYYAT
“Milli Net-2011” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 24 dekabr (AZƏRTAC). “Ambassodor” mehmanxanasında “Milli Net-2011” milli internet mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat vermişdir. O, müsabiqənin şəffaf və ədalətli keçirildiyini və Azərbaycan internetinin inkişafında, milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən yarışmanın qaydalarının gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirmişdir.
Qeyd edilmişdir ki, “Milli Net” milli internet mükafatı hər il Azərbaycan İnternet Forumu tərəfindən sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə verilir.
Təqdimat mərasimində 11 nominasiya üzrə qaliblərin adları açıqlanmış və hər bir nominasiya üzrə 1-ci yerləri tutanlara müsabiqənin əsas mükafatı, 2-ci və 3-cü yerlərin sahiblərinə isə müsabiqənin diplomları verilmişdir.
Mərasimdə dövlət və özəl sektorun nümayəndələri, internet ictimaiyyəti iştirak etmişdir.
Təqdimat mərasiminin gedişi internet vasitəsilə birbaşa yayımlanmışdır.