Milli Qəhrəman Samid İmanova həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanılıb
Bakı, 7 may, AZƏRTAC
"Kür - Xəzər" xeyriyyə ictimai birliyi “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanova həsr edilmiş “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsinin icrasına başlayıb.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində hazırlanacaq “Yüksəlişin sirri” sənədli filminin yaradıcı qrupu artıq çəkilişlərə start verib.
May ayın 5-də layihə heyəti və yaradıcı qrup Milli Qəhrəmanın doğulduğu Neftçala rayonuna səfər ediblər.
Təşkilatın sədri Akif Kərimov bildirib ki, səfər çərçivəsində Milli Qəhrəmanın anadan olduğu evdə və təhsil aldığı məktəbdə çəkilişlər aparılıb, Samid İmanovun valideynləri, müəllimləri və dostları onunla bağlı xatirələrini danışıblar.
Növbəti çəkilişlərinin Bakı şəhərində davam aparılacağını bildirən təşkilatın sədri qeyd edib ki, burada Samid İmanovun həyat yoldaşı, komandirləri və döyüş dostları ilə müsahibələr və reportajlar hazırlanacaq.
O əlavə edib ki, layihənin məqsədi Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanov haqqında sənədli filminin hazırlanması və onun qəhrəmanlığının timsalında vətənpərvərlik hisslərinin təbliğidir. Film qəhrəmanın doğulduğu rayonda geniş ictimaiyyətə təqdim olunacaq. Filmin Bakı şəhərində də nümayişi nəzərdə tutulub.
Filmin yaradıcı heyətinə hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, tanınmış jurnalist, ssenarist, rejissor, Qarabağ müharibəsi veteranı İlham Tumas, tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və jurnalist -rejissor Anar Həsənov daxildirlər.