REGİONLAR
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
![](/files/galleryphoto/2022/2/1200x630/16552865803939137635_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655286580182735663_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16552865801243736813_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16552865802817213662_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655286580346424007_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655286580448731886_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16552865803928055649_1200x630.jpg)
Qax, 15 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini xatırlarkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevin ölməz ruhu qarşısında baş əyir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Qurtuluş Günü - tariximizə açılan yeni səhifə” mövzusunda tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə dahi rəhbərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salıb, 1993-cü ilin iyun hadisələri barədə danışıb. Qeyd olunub ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatıb. Ölkəni xaos və anarxiya bürüyüb, dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşib.
Diqqətə çatdırılıb ki, belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bilib. Bu səbəbdən də 15 iyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın məruzəsində bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, eyni zamanda, ictimai, siyasi və tarixi əhəmiyyətə malik, Azərbaycanın xilas olduğu gündür. Məhz həmin gündən başlayaraq ölkəmiz yeni mərhələyə qədəm qoyub.
Məruzədə qeyd olunub ki, 1993-cü ilin 15 iyununda başlayan milli qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaradıb. Əminliklə demək olar ki, Azərbaycan xalqı böyük Zəfərə gedən yolda ilk addımlarını məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan böyük Qələbəyə gedən yolu, həm də xalqımızın Zəfər tarixidir.
Tədbirdə rayon məhkəməsinin sədri Malik Qarayev, “Şəlalə” qəzetinin redaktoru Xavər Orucova, Ləkit kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Təhminə Ağayeva və başqaları çıxış edərək, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını xüsusi vurğulayıblar.