REGİONLAR
Mingəçevir Dövlət Universitetində qiyabi təhsil alan tələbələrlə onlayn görüş
Mingəçevir, 22 aprel, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetdə qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin qrupu ilə görüş keçirib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşün məqsədi müvafiq ixtisaslarda və kurslarda qiyabi təhsil forması üzrə təhsil alan tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub.
Ş.Bayramov COVID-19 infeksiyası ilə mübarizə sahəsində Azərbaycanda həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, virusa yoluxma və sağalma statistikasında son günlər müşahidə olunan pozitiv tendensiyanın davam edəcəyinə inandığını bildirib. Ölkəmizdə xüsusi karantin rejiminin mayın 4-dək uzadılması, eləcə də bu tarixin təhsil müəssisələrində ilk tədris günü kimi müəyyən edilməsi barədə danışan rektor, tələbələrin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmələrinin vacibliyini bir daha vurğulayıb.
Rektor qiyabi şöbədə təhsil alan tələbələrin dərslərin başlaması tarixi, sərbəst işlərin hazırlanması, imtahanların təşkili, təhsil haqqının ödənilməsi, tələbələrin işlədikləri müəssisələrə çağırışın göndərilməsi və digər məsələlərlə bağlı çoxsaylı suallarına aydınlıq gətirib. O, universitetə subbakalavr statusu ilə qəbul olmuş tələbələrin orta ixtisas təhsili müəssisələrində əldə etdikləri kreditlərin tanınması şərtlərinə və proseduruna, eləcə də qiyabi qruplarda tədrisin onlayn formatda təşkili imkanlarına dair sualları cavablandırıb. Ş.Bayramov qiyabi təhsil forması üzrə dərs və imtahan cədvəllərinin hazırlanmasına dair fakültə dekanlarına müvafiq tapşırıqlar verildiyini bildirib, bu barədə ətraflı məlumatın karantin müddəti bitdikdən sonra açıqlanacağını deyib.
Fikir mübadiləsi ilə davam edən görüşün sonunda növbəti iclasın MDU-nun auditoriyalarında keçiriləcəyinə əminlik ifadə olunub.